
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Göygöl Meşə Mühafizəsi və Bərpası İdarəsinin rəsmiləri Helsinki Vətəndaş Assambleyasının nümayəndələri ilə birgə Hacıkəndin vaxtı ilə sıx olan meşə sahələrini qorumaq məqsədi ilə əraziyə çəpərlər çəkməyə başlayıb. Əsas məqsəd meşələri məhv olmaqdan qorumaqdır. Rəsmi statistikaya görə, hazırda qəsəbədə təxminən 500-dən artıq məcburi köçkün ailəsi yaşayır.
Onlarında təqribi 2 mindən artıq mal-qarası məhz dövlət meşə fondunun torpaqlarında otlayır. Bu isə nəticə etibarı ilə meşə massivlərinin məhvinə səbəb olur. Göygöl rayon Meşə Mühafizəsi və Bərpası İdarəsinin rəis müavini Aslan Vəliyevin SİA-nın Qərb bürosuna verdiyi məlumata görə, hazırda Hacıkənd qəsəbəsinin təxminən 60 hektara yaxın meşə sahəsi çəpərlənib.
Bundan əlavə Göygöl Meşə Mühafizəsi və Bərpası İdarəsinin inzibati ərazisinə düşən Köşkü kənd meşələrinin də 70 hektardan artıq ərazisi bu üsulla qorunmaqdadır. Meşələrin çəpərlənməsi işi davam edir. Tədbirlər planına uyğun olaraq hektarlarla meşə sahəsinin çəpərlənməsi nəzərdə tutulur.
www.sia.az