
Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti 2008-ci ilin 6 ayı ərzində ölkə ərazisində atmosfer havası, yağıntılar, torpaq, səth suları, ətraf mühitin radioaktiv çirklənməsi üzərində monitorinq fəaliyyətini, o cümlədən, antropogen təsirlər nəticəsində ətraf mühitdə gedən proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılmasını həyata keçirib.
Atmosfer havasının çirklənməsinin monitorinqi departamentin əməkdaşları tərəfindən ölkənin 8 iri sənaye şəhərində - Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran və Şəkidə yerləşən 26 müşahidə məntəqəsində aparılıb. Atmosfer havasının fon tərkibi, spesifik zərərli maddələr üzrə sözügedən şəhərlərdən 44776 nümunə götürülmüş və həmin nümunələr üzərində 18 adda 47166 analiz aparılıb.
Belə ki, monitorinqin nəticələrinə görə Bakı şəhərinin Nizami, Nərimanov, Xətai və Yasamal rayonlarında ayrı-ayrı günlərdə toz və xlorun orta sutkalıq qatılığı 1,3 dəfə, azot 4-oksid 1,25 dəfə yol verilən qatılıq həddindən (YVQH) artıq olub.
Sumqayıt şəhərində əsas çirkləndiricilərdən olan tozun orta sutkalıq qatılığı 1,3 dəfə, azot 4-oksid və hidrogen flüorid 2,2 dəfə, xlor isə 2,7 dəfə YVQH-nin keçməsi müşahidə olunub.
Gəncə və Mingəçevir şəhərlərində toz 1,3 dəfə, Şirvan şəhərində isə azot 4-oksid 1,5 dəfə YVQH-ni keçib.
Naxçıvan, Şəki və Lənkəran şəhərlərində atmosfer havasının çirklənməsi müşahidə edilməyib.
Atmosfer yağıntılarının kimyəvi tərkibinin monitorinqi ölkənin 6 bölgəsində-Abşeron yarımadası, Kür-Araz ovalığı, Kiçik Qafqaz, Böyük Qafqazın şimal-şərq və cənub yamacları, eləcə də Lənkəran zonasında 21 məntəqədə 11 göstərici üzrə (pH, sulfat, nitrat, fosfat, ammonium, xlor, kalsium, maqnezium, codluq, elektrik keçiriciliyi və hidrokarbonat ionları) aparılıb.
Səth sularının çirklənməsinin monitorinqi 42 su obyekti üzrə (27 çay, 10 göl, 4 sututarı, 1 liman) 50 müşahidə məntəqəsində və eləcə də Qazax və Beyləqan analitik tədqiqatlar laboratoriyalarında aparılıb.
Müşahidə məntəqələrində detergentlər, neft məhsulları, fenollar, üzvi oksidləşdiricilər, xlorüzvi pestisidlər, ağır metallar, suyun mineral tərkibi üzrə 4071 analiz aparılıb, nəticələrə Kür çayında Gürcüstanla sərhədə yaxın məntəqələrdə suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri YVQH-ni dəfələrlə keçib.
Ermənistan tərəfdən çirklənməyə məruz qalan Araz çayında da mis və fenolların miqdarı normadan dəfələrlə artıq müşahidə olunub. Analizlərin təhlili göstərir ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 6, mis birləşmələri 10, Bəhrəmtəpə və I Şahsevən məntəqələrində fenollar 5, mis birləşmələri isə 5-7 dəfə YVQH-ni keçib.
Bakı, Sumqayıt şəhərlərinin ərazi və ətraf torpaqlarının texnogen (ağır metallarla) çirklənməsinin tədqiqi məqsədi ilə Bakı şəhərinin sənaye zonasından qərb, cənub-qərb, şərq və şimala doğru 4 istiqamətdən və 11 zavodun ərazisindən (Montin adına Bakı Maşınqayırma, Bakı Neftayırma, İEM-1, Qaradağ Sement, Səttərxan adına Bakı Maşınqayırma, Vorovski adına Bakı Maşınqayırma, Keşlə Maşınqayırma, Elektrik Tökmə, Yeni Neftayırma, Asfalt-Beton, Bakı Lampa zavodları), Sumqayıt şəhərinin sənaye zonasından şimal-qərb, cənub-qərb, və şərqə doğru 3 istiqamətdən, eləcə də 10 zavodun ərazisindən (Superfosfat, Boru-Kəmər, Alüminium, Kimya Sənayesi İB, Süni Yuyucu Məhsulları, İEM-1, İEM-2, Üzvi Sintez İB, Süni Kauçuk, Aşqarlar zavodları) ümumilikdə 228 torpaq nümunəsi götürülərək analiz edilib.
Ətraf mühitin radiasiya fonu üzrə müşahidələr gündə 3 dəfə olmaqla ölkənin bütün bölgələri üzrə 36 məntəqədə aparılıb.
Abşeron yarımadasının göl və digər su obyektlərində, özəl obyektlərdə quraşdırılmış fiziki təsir mənbələri üzərində səyyar monitorinqlər, o cümlədən, yeni istifadəyə verilmiş Zığ-Aeroport yolunun ətraf ərazilərinin monitorinqi keçirilib, çirklənmiş ərazilər müəyyənləşdirilib, bu ərazilərin təmizlənməsinə dair təkliflər hazırlanıb.
/www.eco.gov.az/