
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti və quraq keçməsi ilə əlaqədar əhalini odla ehtiyatlı olmağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırıb. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, havaların isti və quraq keçməsi ilə bağlı meşələrdə və dövlət meşə fonduna daxil olmayan yaşıllıq ərazilərdə yanğınların baş vermə təhlükəsi artıb. ETSN-in mərkəzi və yerli qurumları tərəfindən bu təhlükənin qarşısının alınması məqsədi ilə Meşə Mühafizəsi və Bərpası Müəssisələrində texniki avadanlıqlarla təchiz olunmuş növbətçiliklər təşkil edilib. Yerlərdə taxıl məhsullarının biçini zamanı fermer və torpaq mülkiyyətçiləri ilə izahat işləri aparılmaqla yanaşı, bir çox meşəətrafı ərazidə minerallaşdırılmış zolaqların yaradılması üçün müvafiq tədbirlər görülüb. Nəticədə respublika ərazisində meşə yanğınlarının sayı əvvəlki illərə nisbətən minimuma endirilib. Buna baxmayaraq, bəzi rayonların fermer təsərrüfatları və fiziki şəxsləri tərəfindən taxıl biçinindən sonra kövşənlərin, mülkiyyətçilərin pay torpaqlarına daxil olan ərazilərdəki kolluqların, yol kənarlarındakı yaşıl bitki örtüyünün yandırılması hallarına yol verilir. Bunun nəticəsində də torpağın humus qatının keyfiyyətinin çox ciddi şəkildə pozulması ilə yanaşı, həm də bir sıra hallarda, dövlət meşə fonduna daxil olmayan, lakin ətraf mühitin sabitliyinin təmin olunmasında əvəzsiz əhəmiyyət kəsb edən yaşıllıqlar korlanır.
Nazirlik yanğın hadisələrinin baş verməməsi üçün əhalini ehtiyatlı olmağa, təhlükə törədə biləcək əməllərdən çəkinməyə çağırır.
/www.apa.az/